Event in Dusseldorf

posted in: General | 0

Almaniyanın Düsseldorf şəhərinin “Vitgenşteyn” adına Mədəniyyət Mərkəzində Azərbaycan, rus və alman dilli cəmiyyətlərin iştirakı ilə Azərbaycan Xalq Cümhuriyyətinin və dahi Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubileylərinə həsr olunmuş gecə keçirilib.

Tədbiri açan Düsseldorf şəhərinin meri Tomas Geysep gecənin təşkilatçısı, “Pinnokio” cəmiyyətinin rəhbəri Lalə Süleymanovaya, “Natəvan” cəmiyyətinin sədri Leyla Bəyim Cəfərovaya, Azərbaycandan gəlmiş xalq  yazıçısı Çingiz Abdullayevə təşəkkür edib.

Daha sonra Çingiz Abdullayev tədbir iştirakçılarına Azərbaycan xalqının böyük mədəni irsi, müxtəlif zamanlarda yaşayıb-yaratmış yazıçı və şairləri haqqında məlumat verib, Qara Qarayevin yaradıcılığı və musiqi irsi haqqında danışıb.

Tədbirin bədii hissəsində Almaniyada musiqi fəaliyyəti ilə məşğul olan həmyerlimiz Anar İbrahimov skripkada Qara Qarayevin əsərlərini ifa edib. Çexiya və Azərbaycanda tanınan dramaturq və şairə, “Natəvan” cəmiyyətinin sədri Leyla Bəyim Cəfərova isə dahi bəstəkarın 100 illiyinə həsr etdiyi “Yeddi gözəl” adlı lirik əsərini səsləndirib. Bundan sonra, Azərbaycanlı rəssam və gəlincik ustası olan Vəfa Aşumova yubiley üçün hazırladığı yeni kolleksiyasını təqdim edib.

Sonda şəhər merinə Leyla Bəyim Cəfərovanın Gülnarə Holun tərcümə etdiyi şeirlər toplusu və Vəfa Aşumovanın hazırladığı gəlinciklərin şəkli əks olunan “Yeddi gözəl” adlı albomu hədiyyə edilib.

Tədbirdə bu günlərdə dünyasını dəyişmiş Azərbaycanın xalq artisti Fuad Poladovun xatirəsi anılıb.

Qeyd edək ki, ədəbi-bədii gecə Almaniyadakı Azərbaycan Səfirliyinin dəstəyi və Düsseldorf şəhərində fəaliyyət göstərən “Pinnokio” cəmiyyətinin və Çexiyada fəaliyyət göstərən “Natəvan” cəmiyyətinin təşkilatçılığı ilə keçirilib.

Adding Gallery

Leave a Reply